Logo

Kəmaləddin Heydərov: “Meşələri yandırmaq Vətənə xəyanətdi, başqa adı yoxdu” - VİDEO

AXCTV.az - 31 Avqust 2021 13:02

“Bilirsiniz ki, yay aylarında Azərbaycanın dağlıq rayonlarında yanğınlar, xüsusən də meşə ərazilərində, biçilmiş və biçilməmiş taxıl sahələrində yanğınlar baş verir. Bu il isə keçən illərdən, keçən yay mövsümlərindən fərqli olaraq, demək olar ki, bir qədər çox yanğın baş verib. Biz indi Qəbələ rayonunun Abrıx kəndinin dağ hissəsində olan ərazilərə baxdıq, həm yerdən, həm helikopterdən müşahidə etdik. Doğrudan da, xarakterik olaraq, bu, təbii yanğınlara oxşayır, lakin yandırma faktları da yox deyil, var”.

APA-nın məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Qəbələ rayonunun Solquca və Abrıx kəndləri yaxınlığında yanğın baş vermiş mürəkkəb relyefli dağlıq əraziyə baxış keçirdikdən sonra bildirib.

Nazir qeyd edib ki, hüquq-mühafizə orqanları bu məsələni araşdıracaq: “Bundan qabaq da araşdırıblar, belə faktlar müşahidə olunur. Ya ehtiyatsızlıq üzündən və ya qəsdən yandırma olur. Bunlar yəqin ki, araşdırılacaq. Amma məncə, heç kimin vicdanı, insafı qəbul eləməməlidir ki, Azərbaycanın bu gözəl təbiətində belə hadisələr törətsin. Bu, illərlə, yüz illərlə bizim ulu babalarımızın qoruyub saxladığı, bizə verdiyi nemətdir. Ona görə də bunları qorumaq lazımdır. Əhalinin özü də, orada olan çobanlar da, giləmeyvə yığan insanlar da, kənd camaatı da - təbiətdən istifadə edən hər kəs onu qorumalıdır, nəinki belə pis əməllərə əl atmalıdır. Kənd camaatı özü də bildirir ki, bir nəfər hər hansı əməl törədirsə, bu, bütün kəndin adınadır, kəndin camaatının adınadır. Ona görə də camaat özü yol verməməlidir ki, o kənddən olan kimsə belə addım atsın. İctimai qınaq lazımdır. İctimai qınaq olmadıqca, cəzasızlıq olduqca, belə halların sayı artır”.

K. Heydərov gündəlik olaraq ərazidən məlumatlar aldıqlarını qeyd edib: “Mətbuatdan da bilirsiniz, bizim bu zonada 3 helikopterimiz işləyir. Yəqin ki, bu günə mövcud yanğınlar söndürüləcək. Amma bu, o demək deyil ki, arxayın olmalıyıq. Yay hələ ki isti keçir, bundan qabaq söylədiyim faktorlar hələlik var. Ona görə də həm ictimaiyyət, həm hüquq-mühafizə orqanları, eləcə də digər orqanlar, ekologiya işçiləri bununla ciddi məşğul olmalıdır. Çünki bu sərvət bütün Azərbaycan əhalisinindir. Qəbələ, Oğuz, Şəki, Balakən, digər dağlıq meşə ərazilərimiz Azərbaycanın bir növ oksigen mənbəyi, ağciyərləridir. Ona görə bunlara etinasız yanaşmanı məncə, heç bir vətəndaş qəbul etməməlidir. Hər kəs belə hallar barədə hüquq-mühafizə orqanlarına, digər nəzarətedici orqanlara xəbər verməlidir. Ola bilər hansısa vətəndaş belə bir hadisə törədir, yaxşı, bəs, o, ictimai qınağı necə qəbul edir? Onun uşaqları, ailəsi bunu qəbul edirmi? Ona görə bu məsələlərdə hamımız diqqətli olmalıyıq. Azərbaycanın təbii sərvətlərini qorumaq bütün azərbaycanlıların borcudur”.

Nazir bildirib ki, yanğınsöndürənlərin işi yanğın baş verəndən sonra onu söndürməkdir: “Yanğın nəzarəti qurumları da müvafiq xəbərdarlıqlar göndərir. Amma hər halda ictimaiyyət, kənd əhalisi, o təbii sərvətlərdən istifadə edən vətəndaşlar buna xor baxmamalıdır, onu qorumalıdır, qoruyanlara dəstək olmalıdır, lazımı məlumatları aidiyyəti üzrə çatdırmalıdır. Ən azı ictimai qınaq olmalıdır. Bu əməli törədənlər kəndin içinə necə çıxırlar, ailələrinin üzünə necə baxırlar?! Bununla, böyük qəhrəmanlıq edirlər? Əksinə, dövlətə, millətə, təbiətə xəyanət edirlər. Ona görə gələcəkdə də bu məsələlərə çox ciddi baxmaq lazımdır. Bu qədər meşə sahəsi yüz illərlə əmələ gəlib. Onu 5 dəqiqənin içində yandırmaq... Mən bunu başqa cür adlandıra bilmərəm. Bu öz dövlətinə, millətinə, xalqına xəyanətdən başqa bir şey deyil. İllər boyu nəsillərimizin, babalarımızın, təbiətin yaratdığı sərvəti məhv etməyə başqa nə ad vermək olar?”...

Xəbər lenti

IMG