Google şirkəti yavaş-yavaş başa düşür ki, süni zəka əsasında qurulmuş müasir çat-botlar onun axtarış biznesinə böyük zərbə vura bilərlər. Belə ki, bu cür müasir çat-botlar istifadəçilərin əksər suallarına sadə cavablar təqdim edirlər və onlar özlərində online reklamı əks etdirmirlər. Son 30 il ərzində texnoloji sahədə sözün əsl mənasında inqilab yaratmış bir neçə məhsul ortaya çıxıb: Netscape brauzeri, Google axtarış xidməti və Apple iPhone. Texnologiya sahəsində növbəti bu cür inqilabı yaratma potensialına sahib məhsul isə ChatGPT adlı yeni nəsil çat-bot ola bilər. Sözügedən çat-bot təkcə internet linkləri ilə kifayətlənməyərək istifadəçilərin sorğularına çox sadə və anlaşılan cavablar təqdim edir. Bununla yanaşı bu çat-bot biznes strategiyalardan tutmuş müxtəlif mövzuları əhatə edən mətnlərin yaradılmasına kimi istifadəçilərə köməklik edir. ChatGPT mütləq şəkildə təkmilləşdirilməyə davam edəcək. Lakin artıq indiki halı ilə o, Google şirkəti üçün təhlükə mənbəyidir. Buna görə də şirkətin rəhbərliyi buna tez zamanda reaksiya verib.
Son zamanlarda internetdə yayılmış fikrə əsasən Google şirkəti hal hazırda Silikon Vadisinin böyük təmsilçilərinin ən çox qorxduqları hadisənin astanasındadır. Söhbət, biznesi çökdürəcək qlobal texnoloji dəyişikliklərdən gedir.
Artıq 20 ildən çoxdur ki, Google şirkətinin axtarış xidməti istifadəçilərin internetə daxil olmaları məsələsində dünyanın ən böyük nöqtəsinə çevrilib və şirkət bu cür aktivi itirmək niyyətində deyil. ChatGPT süni zəka sahəsində fəaliyyət göstərən OpenAI adlı qeyri-kommersiya təşkilatı tərəfindən hazırlanıb. Sözügedən çat-botun əsasında yerləşən texnologiyanın hazırlanmasında vaxtı ikən Google da iştirak edib. Söhbət, daha kiçik şirkətlərin də istifadə edə biləcəkləri texnologiyadan gedir və həmin şirkətlər potensial olaraq Google biznesinə böyük zərbə vura bilərlər. Qeyd etmək lazımdır ki, Google ChatGPT-nın alternativ versiyasına sahibdir. Söhbət, LaMDA sistemindən gedir. Qeyd etmək lazımdır ki, bu ilin yay fəslində keçmiş Google mühəndislərindən biri bəyan etmişdi ki, LaMDA sistemi sözün əsl mənasında şüura sahibdir. Lakin nəticədə həmin mühəndis şirkətdən uzaqlaşdırıldı. Google şirkətinin keçmiş mühəndisinin bu bəyanatından sonra LaMDA hamının diqqətini öz üzərinə çəkməyi bacardı.