BAXCP seçkilərdə iştirakla bağlı qərar verdiBu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Parytiyasının (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Toplantıda BAXCP-nin 2024-cü il fevralın 7-də keçiriləcək Azırbaycan Respublikasının Prezidentinin seçkilərində iştirakı və digər təşkilat məsələləri müzakirə olunub.
Aparılan müzakirələr nəticəsində partiyanın prezident seçkilərində öz namizədi ilə iştirakı məqsədəuyğun hesab olunub. BAXCP-nin sədri Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürülüb və İdarə Heyətinin üzvləri tərəfindən yekdilliklə dəstəklənib.
BAXCP İdarə Heyəti partiyanın öz namizədi ilə Prezident seçkilərində iştirakı ilə bağlı müraciət qəbul edib. Müraciətdə deyilir:
“Əziz həmvətənlər, məlum olduğu kimi 2024-cü il fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Yarandığı gündən ölkədə keçirilən seçkilərdə iştirakı məqsədəuyğun sayan və bunu siyasi fəaliyyətin başlıca istiqaməti kimi dəyərləndirən BAXCP prezident seçkilərində öz namizədi ilə iştirak etmək qərarına gəlib.
Prezident seçkilərində BAXCP-nin sədri Qüdrət Həsənquliyevin namizədliyini irəli sürən İdarə Heyətinin üzvləri çox yaxşı başa düşür və qəbul edirlər ki, İlham Əliyevin liderliyi ilə Azərbaycan müstəqillik illərinin ən şanlı səhifəsini yazıb və İkinci Qarabağ müharibəsində əldə olunan Zəfərdən və lokal antiterror əməliyyatlarıyla silahlı separatizmin məhvi, ölkəmizin suveren hüquqlarının bütün ərazilərimiz üzrərində bərpasından sonra, indiki dövlət başçısı ilə rəqabət aparmaq həddindən artıq çətin olacaq. Amma buna baxmayaraq, BAXCP İdarə Heyəti, təkcə özünün deyil, Azərbaycanın gələcəyini düşünən, ölkəmizdə siyasi mübarizə və seçki mədəniyyətinin, çoxpartiyalı siyasi sistemin, vətəndaş cəmiyyətinin inkişafını, hüquqi dövlət quruculuğu prosesinin sürətlənməsini arzulayan, fikir müxtəlifliyini inkişafın təməli hesab edən bütün siyasi partiyaların seçkilərdə iştirakını vacib hesab edir.
BAXCP İdarə Heyəti növbədənkənar prezident seçkilərinin hansı zərurətdən doğduğunu, Azərbaycanın xarici təsirlərə qarşı müqavimətinin daha da güclənməsinin, bu istiqamətdə olan çağırış və təhdidlərin minimuma endirilməsinin zəruriliyini də çox yaxşı dərk edir. Bu baxımdan, həm də siyasi partiyalar üçün davamlı, aktiv fəaliyyət göstərməyin, cəmiyyətə, onun inkişafa aparan alternativ ideyalar, proqramlar tədim etməyin zəruriliyini, legitim üsullarla siyasi mübarizənin siyasi fəaliyyətin fəlsəfəsini təşkil etdiyini, seçkinin bütün iştirakçı qüvvələrə cəmiyyətə öz ideyalarını çatdırmaq üçün imkan yaratdığını, diskussiya və siyasi mübarizə mədəniyyətinin formalaşmasına töhvə verdiyini nəzərə alaraq, növbədənkənar prezident seçkilərində iştirak etmək qərarına gəldik. Seçkilərdə qələbə üçün mübarizə aparacaq, ölkəmizin qarşısında dayanan, cəmiyyətimizi narahat edən problemlər və onların həlli yolları barədə fikirlərimizi, Ədalət, Hüquq və Demokratiyanın nə üçün ölkəmizin inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini sizlərin diqqətinə çatdıracağıq”.