Müharibənin ilk günlərindən etibarən, bir il bundan qabaqdan bəri AEBA Ukraynada olub. Biz Zaporojyedə daimi missiya yaratdıq, bildiyiniz kimi, Zaporojye Atom Elektrik Stansiyası (AES) işğal olunmuş ərazidə idi və bu da vəziyyəti mürəkkəbləşdirirdi, təhlükəli vəziyyət yaradırdı.
Bunu Azərbaycanda səfərdə olan AEBA-nın baş direktoru Rafael Qrossi APA-nın sualına cavab olaraq bildirib.
“Bizim missiyamız aktiv döyüşlərin getdiyi ərazidə monitorinq aparırdı. Nüvə stansiyası ətrafında gedən döyüşlər vəziyyəti təhlükəli edirdi. Biz dərhal orda daimi missiya yaratdıq və bu missiya məlumatlar toplayır, həmçinin oradakı heyətə yardım edir. Düşünürəm ki, bu çox vacib töhfədir. Biz düşünürük ki, bu ərazilərdə xüsusi mühafizə zonası yaradılmalıdır. Çünki müharibə nüvə riskini artırır və buna görə də bu riski azaltmaq üçün maksimum addımlar atılmalıdır. Mən artıq neçə aydır ki, bu mühafizə zonasının yaradılması üçün həm Rusiya, həm də Ukrayna tərəfi ilə danışıqlar aparıram. Ümid edirəm ki, tezliklə bu istiqamətdə irəliləyiş əldə edəcəyik. Vurğulayım ki, Zaporojyedən əlavə Ukraynanın digər yerlərindəki bütün nüvə elektrik stansiyalarında AEBA-nın ekspertlərindən ibarət missiya göndərmişik. Yəni, Zaporojye yalnız yeganə obyekt deyil ki, bizim orda missiyamız var. Çünki ora həssas yerdir, ora işğal olunmuş ərazilərdir”.