Logo

İldə neçə günümüzü internetdə keçirdiyimiz açıqlanıb

AXCTV.az - 2 May 13:51
İnternet asılılığı cəmiyyətdə alimlərin rəyinə ehtiyac olmadan da aydın görünür. Sadəcə metroya enib ətrafa baxmaq kifayətdir - orada hər ikinci şəxs, hətta bəlkə də əksəriyyət, başını telefona salıb oturur. Bununla belə, tədqiqatçılar sosial şəbəkələrin lentini sürüşdürməyə nə qədər vaxt sərf etdiyimizi dəqiq hesablamağa qərar veriblər. Nəticələr ürəkaçan deyil: Böyüklər il ərzində demək olar ki, 1/4-ni smartfon ekranına baxaraq keçirirlər. Z nəsli (zumerlər) arasında bu göstərici isə daha da yüksəkdir. Sorğu şirkəti OnePoll ekran qarşısında keçirdilən vaxtla bağlı 9 ölkədən - ABŞ, Böyük Britaniya, İspaniya, Vyetnam, Cənubi Afrika, Braziliya, Almaniya, Hindistan və BƏƏ - olan 17 000 yetkin şəxs haqqında məlumatları təhlil edib.

Nəticədə məlum olub ki, müasir insan gündə orta hesabla təxminən 5 saat 48 dəqiqə və ya ildə 88 gününü telefonda keçirir. Bu isə o deməkdir ki, biz ilimizin demək olar ki, 1/4-ni internetdəki səhifələri sürüşdürməyə sərf edirik. Gözlənildiyi kimi, internetdən ən çox istifadə edənlər Z nəslinin nümayəndələri (1997-2010-cu illər arasında doğulanlar) olub və respondentlərdən hər 10 nəfərindən biri etiraf edib ki, o, gündə təxminən 12 saata qədər smartfonla vaxt keçirir. Həmin sorğunun nəticələrindən həm də bəlli olub ki, bütün yetkinlərin azacıq çox hissəsi (52%) daim son xəbərlərlə ayaqlaşmaq və mütəmadi olaraq lentləri sürüşdürmək məcburiyyəti (və artıq ehtiyacı) səbəbilə özlərini sıxılmış hiss edirlər.

İştirakçıların 59%-i isə bildirib ki, son 1 ildə telefonda keçirdikləri vaxt daha da artıb. Respondentlərin 64%-i isə 1990-cı illərə və daha əvvəlki dövrlərə nostalji hissi keçirdiyini deyib - o vaxtlar insanlar canlı ünsiyyətə üstünlük verir və xəbərləri yalnız qəzetlərdən və ya televiziya proqramlarından öyrənirdilər. Bu nəticələrə əlavə olaraq, beynəlxalq tədqiqat şirkəti Statista da öz statistik məlumatlarını təqdim edib. Son 24 il ərzində canlı ünsiyyətə sərf etdiyimiz vaxt 35% azalıb, məşhur sosial şəbəkələrin - yəni 2010-cu illərdən başlayaraq - meydana çıxmasından bu yana telefonda keçirdiyimiz vaxt isə 54% artıb.

Bəli, internet bizə yaxınlarımızla daim əlaqədə qalmaq, lazım olan məlumatı tez tapmaq və həyatımızın bir çox sahəsini sadələşdirmək imkanı verib, lakin bu prosesin mənfi tərəfi də var. Respondentlərin 62%-i etiraf edib ki, bəzən özlərini tənha hiss edirlər, sorğuda iştirak edənlərin 1/4-i isə dostları ilə ayda bir dəfə və ya daha az görüşdüklərini bildirib. Könüllülərin 79%-i əlavə edib ki, dostlarının yanında olduqda telefona daha az baxırlar. Nəticə? Hər birimizin vaxtaşırı rəqəmsal detoksa və dostlar, tanışlarla daha tez-tez canlı görüşlərə ehtiyacı var.

Xəbər lenti

IMG